İtaliyanın “İnter” klubu iki təcrübəli qapıçısı – sloveniyalı Samir Handanoviç və italiyalı Aleks Kordazla yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Hər iki futbolçu ilə müqavilənin müddəti iyunun 30-da başa çatıb. Bu üzdən də onlar azad agent kimi Milan klubundan ayrılıblar. “İnter” onlara xidmətlərinə görə təşəkkür edib.
Xatırladaq ki, Samir Handanoviç 2012-ci ilin yayından “İnter”in uğurları üçün çalışırdı. 38 yaşlı qolkiper bu komandada 455 oyun keçirib, 471 qol buraxıb. Onun hesabında 166 “quru” matç da var.
Handanoviç “Udineze”, “Rimini”, “Domjale”, “Treviso” və “Latsio” kimi klublarda da forma geyinib. O, Sloveniya yığmasında da 81 oyun keçirib.
Aleks Kordaz isə məhz “İnter”in yetirməsidir. Amma o, karyerasının ilk illərindəcə Milan klubunu tərk edib. Hazırda 40 yaşı olan qolkiper “Spetsiya”, “Açireale”, “Treviso”, “Pitsigettone”, “Luqano”, “Çittadella”, “Parma”, “Qoritsa”, “Krotone” kim klublarda oynadıqdan sonra 2021-ci ildə yenidən “İnter”ə qayıtmışdı. Lakin təcrübəli qolkiper Milan komandasında cəmi 2 oyuna çıxıb.
“İnter” gənc yarımmüdafiəçisi Samuel Qriqarı da “Banik” (Ostrava) klubuna satıb. Çexiya klubunun bu keçid üçün milanlılara nə qədər ödəniş etdiyi bilinmir. Hazırda 18 yaşı olan çex futbolçu 2020-ci ildə “İnter”ə cəlb olunsa da, əsas komandada debüt etmədən ayrılıb.
“İnter” daha iki gənc futbolçusu – 20 yaşlı Valentin Karboni və 18 yaşlı Françesko Pio Espozito ilə də yeni müqavilə imzalandığını bəyan edib. Amma onlarla sözləşmənin müddəti və digər detalları açıqlanmır. Karboni yarımmüdafiə, Espozito hücum xəttində oynayır.


