Zaqreb “Dinamo”sunun hücumçusu Sandro Kulenoviç Çempionlar Liqasının pley-offunda “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, doğma meydanda baş tutan oyundan 3:0 hesabıyla qalib ayrılmış Xorvatiya klubunun 24 yaşlı forvardı bunları söyləyib:
“İstədiyimizi etdik. Azərbaycana üstünlüklə gedirik. Daha bir neçə qol vurmaq imkanımız var idi. Amma bu da gözəl nəticədir. İndi növbəti çempionat oyununa hazırlaşmalıyıq.
Meydana 63-cü dəqiqədə daxil olan və dubla imza atan Sandro Kulenoviç belə bir matçda fərqlənməyin gözəl hiss olduğunu bildirib:
“Bu oyunda qol vurmaq gözəl hissdir. Xüsusən də bir xorvatiyalı üçün… Mən Zaqrebdə doğulmuşam və “Dinamo”da böyümüşəm. Biz yenə də diqqətli olmalıyıq”.
Kulenoviç komanda yoldaşı Martin Baturinanın ona qol ötürməsi verməsi barədə də danışıb: “Baturinanın necə futbolçu olduğunu hamımız bilirik. Onun 10 nömrəli formanı geyinməyinin bir səbəbi var. Baturina qeyri-adi istedaddır. Ona verdiyi qol ötürməsinə görə təşəkkür edirəm. Niyə özü qol vurmadı, mənə ötürmə etdi, bilmirəm”. (gülür)
“Dinamo”nun ilk qolunun müəllifi olan Marko Pyaça da “Qarabağ”la qarşılaşmaya şərh verib:
“Yaxşı oyun, yaxşı nəticə oldu. Rəqib hücumlara atılanda daha çox qol vura bilərdik. Şikayət etməyəcəm, bu, yaxşı nəticədir. Bakıya böyük inamla gedirik. Maksimirə qayıtdıqdan sonra rəsmi oyunda ilk qolu vurmaq rahatlıq gətirir Çox xoşbəxtəm. Ən çox da komandaya görə sevinirəm. Mövsümün ilk avrokubok oyununda “Maksimir”də qol vuruduğum üçün şadam”.
“Yuventus”un sabiq üzvü cavab matçı haqda da danışıb. O, 3:0 hesablı qələbəyə baxmayaraq, Bakıda çox ehtiyatlı oynamalı olduqlarını deyib: “Düşünmürəm ki, hər şey həll olunub. “Qarabağ” nə qədər yaxşı komanda olduğunu göstərdi. Mütləq özümüzə inanmalıyıq. Amma onları bizdən zəif qəbul etməməliyik. “Qarabağ”ın ilk hissədə çox imkanları oldu. Cavab matçı ərəfəsində rəqibə çox hörmətlə yanaşmalıyıq”.
Xatırladaq ki, “Qarabağ”la “Dinamo” arasında cavab qarşılaşması avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


