Futbol üzrə İspaniya La Liqasının 36-cı turunda “Real” “Santyaqo Bernabeu” stadionunda “Rayo Valyekano”nu qəbul edib. Arena.az xəbər verir ki, meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə yekunlaşan matç zamanı tribunalardan ilk baxışdan xoşagəlməz sədalar ucalıb.
“Valyekano – narkomanlar və qaraçılar!”, deyə azarkeşlərin stadionu başına almış qışqırtısı ilk baxışdan xoşagəlməz təsir bağışlasa da, əslində bu qəribə “nəğmələr” elə, “Rayo” fanatlarının hoqqasıdır.
Əvvəllər katalon “Mundo Deportivo”sunda çalışmış jurnalist Fransesk Agilar bu “nəğmələr”i “Mestalya”da “Valensiya”nın qonağı olmuş “Real”ın hücumçusu Vinisius Juniorun ünvanına yönəlmiş irqi təhqirlərlə müqayisə edib.
Jurnalist öz “Twitter” hesabında yazıb: “Lojada Florentino Peresin yanında oturmuş şanlı Vinisius nə düşünməlidir? Bu gün mən elə, “Mestalya”da baş vermiş həmin hadisələrə görə yaxasını cıran həmin KİV-də qəzəb görmürəm”.
“Marca” dərgisinin məlumatına görə isə bu qəribə, xoşagəlməz “nəğmələr”in müəllifi elə, “Rayo Valeykano” azarkeşləridir. Qonaq sektorda yer almış kütlə bu üsulla Valyekas əyalətinin sakinləri haqda formalaşmış stereotiplərə rişxənd edir. Onlar həm də bu üsulla səfər oyunlarında komandasını canfəşanlıqla ruhlandırırlar.