Sautqeyt futbolçuların ailələrinə millini ziyarətə icazə verdi

İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt verdiyi qərarla futbol ictimaiyyətinin diqqət mərkəzinə düşüb.

Arena.az “The Telegraph” internet-nəşrinə istinadən məlumat verir ki, Sautqeyt AÇ-2024-ün oyunlarından sonra futbolçuların arvad və uşaqlarının yığma komandanın düşərgəsinə gəlməsinə icazə verib.

Mənbənin məlumatına görə, bu, AÇ-2024 zamanı futbolçuların vətən həsrəti duymaması üçün edilib.

Vurğulayaq ki, mötəbər yarışlar zamanı yığma komandaların düşərgələri adətən qapalı olur, bura milçək uçsa da, qanad salır. Məqsəd həlledici oyunlar zamanı düşərgənin mübariz əhvalını qorumaq, həmçinin məlumat sızıntısının qarşısını almaq və s. bu qəbildən peşəkar surətdə önləyici tədbirlərə əsaslanır. Odur ki, mətbuatda, ingilis mütəxəssisin bu qərarı yetərincə cəsarətli adım kimi qiymətləndirilir və birmənalı qarşılanmayıb.

Xatırladaq ki, İngiltərə yığması AÇ-2024-ün 1-ci turunda Serbiya yığmasını 1:0 hesabı ilə məğlub edib. Oyundan sonra İngiltərə yığması qələbə nəticəsinə rəğmən, tənqidlərdən qurtula bilməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: