Sedrik Bakambu da Fatih Terimin yanına gedir

“Qalatasaray”ın ulduz futbolçusu Sedrik Bakambu karyerasını Yunanıstanın “Panatinaikos” klubunda davam etdirə bilər.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Panatinaikos”un baş məşqçisi Fatih Terim Türkiyədən daha bir futbolçunu yanına aparmaq istəyir. Sözügedən klubun “Qalatasaray”lı ulduz futbolçunu heyətinə qatmağa hazırlaşdığı iddia edilir.

Bu mövsüm “Qalatasaray”da heç də əsas heyət oyunçusu sayılmayan Bakambunun komandanı tərk etməsi istisna olunmur. Yunanıstan klubunun Bakambu ilə bağlı təklifinə “Qalatasaray”ın hansı cavabı verəcəyi hələ bilinmir.

Sedrik Bakambu “Qalatasaray”a 2023-cü ilin yayında Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan 700 min avroya transfer olunub. Konqodan olan 32 yaşlı forvardla həmin vaxt 2 illik müqavilə imzalanmışdı. Təcrübəli futbolçu İstanbul komandasında ilinə 1,5 milyon avro maaş alır. O, “Qalatasaray”da 16 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Bakambu daha öncə də Yunanıstanda çıxış edir. O, “Əl-Nəsr”ə ötən il məhz Yunanıstanın “Olimpiakos” klubundan azad agent kimi keçmişdi. Lakin o, Səudiyyə Ərəbistanı təmsilçisini rəsmi debüt matçına çıxmadan tərk etmək qərarına gəlmiş və “Qalatasaray”a üz tutmuşdu.

Bakambu karyerası ərzində “Soşo”, “Vilyarreal”, “Beijing Guoan”, “Bursaspor”, “Olimpiakos” və “Olimpik” (Marsel) klublarında forma geyinib. O, Konqo Demokratik Respublikasının yığmasında 42 oyuna çıxıb, 15 qol vurub.

Sonda onu da xatırladaq ki, “Panatinaikos”a bu qış baş məşqçi təyin olunmuş Fatih Terim artıq Türkiyədən iki futbolçunu yanına apara bilib. O, “Fənərbaxça”dan Samet Akaydını komandasına cəlb edib. “Trabzonspor”un yunan futbolçusu Anastasios Bakasetas da 1 milyon avro qarşılığında “Panatinaikos”a keçib.

Bahar Rüstəmzadə

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: