Futbol üzrə Türkiyə milli komandasının və “Beşiktaş”ın sabiq baş məşqçisi Şenol Günəş Cənubi Koreya yığmasını çalışdırmaq istəyir.
Arena.az xəbər verir ki, türkiyəli mütəxəssis bu barədə Cənubi Koreyada yayımlanan KBS-ə açıqlamasında bildirib.
Son olaraq “Beşiktaş”ı çalışdırmış 71 yaşlı mütəxəssis Cənubi Koreya millisini çalışdırmaqdan xoşbəxt olacağını bildirsə də, hələlik federasiyadan heç kimin onunla əlaqə saxlamadığını bildirib:
“3 il “Seul”u çalışdırdım. Bu, mənim üçün çox xoşbəxt xatirələrlə dolu idi. Karyeramı Koreyada bitirmək istərdim. 70 yaşım var. İndiyə qədər yaxşı bir həyat sürmüşəm. Futbol karyeramı da ən yaxşı şəkildə bitirmək istəyirəm. Belə bir çağırışı qəbul edə bilərəm. Belə bir fürsət, mənim üçün əla bir şans olar”.
Xatırladaq ki, Şenol Günəş 2007-2009-cu illər aralığında Cənubi Koreyanın “Seul” komandasını çalışdırıb. O, bu komandanı bütövlükdə 125 oyuna çıxarıb, 60 qələbə sevinci yaşayıb. Koreya təmsilçisi qalan görüşlərdə 36 heç-heçə və 29 məğlubiyyət görüb.
Türkiyəli mütəxəssis karyerası ərzində iki dəfə Türkiyə millisinə (2000-2024 və 2019-2021) rəhbərlik edib. O, həmçinin “Trabzonsor”, “Boluspor”, “İstanbulspor”, “Antalyaspor”, “Sakaryaspor”, “Bursaspor” və “Beşiktaş”da da baş məşqçi olub.
Günəş 2023-cü ilin oktyabr ayında “Beşiktaş”dan ayrılandan bəri işsizdir. O, 2015-2019-cu illər aralığında da “qara qartallar”a rəhbərlik etmişdi.
Sonda onu da xatırladaq ki, Cənubi Koreya yığma komandası hazırda baş məşqçisizdir. Bu komandaya müvəqqəti olaraq Son Hon Hvan rəhbərlik edir.
Bahar Rüstəmzadə


