“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi”yə qarşı oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan və Türkiyə klubları arasındakı ilk oyun sabah Bakıdakı “Neftçi Arena”da baş tutacaq və saat 21:00-da başlayacaq.
Bu gün isə baş məşqçi Şenol Günəş və yarımmüdafiəçi Salih Uçanın iştirakı ilə mətbuat konfransı baş tutub. Türkiyə millisinin də üzvü olan futbolçu bunları söyləyib:
“Oyuna ciddi hazırlaşmışıq. Buradan gözəl nəticə ilə dönüb, evimizdə mərhələ adlamaq istəyirik. “Tirana”dan sonra “Neftçi” ilə qarşılaşacağıq. Hədəfimiz layiq olduğumuz qruplarda iştirak etməkdir. Addım-addım irəliləyəcəyik. Hər oyun bizim üçün çox çətin olur. Heç bir rəqibə yuxarıdan aşağı baxmırıq”.
“Qara qartallar”ın baş məşqçisi isə əvvəlcə bunları söyləyib:
“Bakıda olduğumuz üçün çox xoşbəxtik. Hər iki komanda “ağ-qara”dır. Həyat bəzən belə qarşılıqlı mühit yaradır. “Neftçi” ilə əvvəllər qarşılaşmaq istəyirdik, bu dəfə qismət oldu. Mərhəmətli, cəsur olmaqla başqalarına yuxarıdan aşağı baxmaq fərqlidir. Hər rəqib önəmlidir. Maddi durumuna və infrastrukturuna görə, komandalar fərqli yerlərdə ola bilərlər. Amma qələbə meydanda qazanılır. Bu gün uğurlu olan komanda sabah uğursuzluğa düçar ola bilər və ya özündən qat-qat güclü komandaya qalib gələ bilərsən. Hər bir futbolçu ən yaxşı nəticəni istəyir. Futbolda bəzən sürprizlər olur. Azərbaycanda futbol əvvəlki illərlə müqayisədə çox inkişaf edib. “Neftçi”nin 9 dəfə ölkə çempionluğu var, avrokuboklarda çıxış edir. “Qarabağ” və “Sabah” da avrokuboklarda mübarizə aparırlar. Futbol və infrastruktur baxımından Azərbaycan futbolu çox yaxşı durumdadır. “Neftçi” qardaş ölkə komandası olsa da, sabah meydana qələbə üçün çıxacağıq”.
“Neftçi” Azərbaycanın ən dəyərli komandasıdır”
71 yaşlı mütəxəssis “Beşiktaş”ın Bakıda çoxlu azarkeşinin olduğunu söyləyib: “Bunu “Sabah”la xeyriyyə oyununda da gördük. Avropada da azarkeşlərimiz var. Onlar üçün yaxşı komanda formalaşdırmağa çalışırıq. Azarkeşlərin matçı dostluq içində izləmələrini istəyirəm. Petardaların aradan qaldırılmasını istəyirəm. Nəfəs alarkən belə, insanı boğur. Üstəlik, bu, maddi baxımdan da zərər vurur. Görüntü olaraq gözəl görünə bilər, amma onların təbəssümü bu fişənglərdən daha yaxşıdır. Onlara layiq komanda olmağa çalışırıq. Burada neqativ bir halın olacağına inanmıram. Çünki qardaş ölkədəyik”.
Şenol Günəş keçmişdə Azərbaycandan təkliflərinin olduğunu gizlətməyib: “Çox transferə meyilli məşqçi deyiləm. Azərbaycanda olmaq sevindiricidir. Hazırda hansısa komanda getmək kimi niyyətim yoxdur. Amma keçmişdə Azərbaycandan təkliflərim olub. Buradan futbolçu və ya məşqçilər Türkiyəyə gedə bilərlər. Bir az iç-içə olsaq, isti münasibətləri qarşılıqlı əlaqələr içində inkişaf etdirə bilərik. Bizdə maliyyə, bazalar daha yaxşıdır. İndi “Neftçi” ilə sabahkı görüşü düşünürük. Biz onların, onlar da bizim zəif tərəflərimizdən yararlanmağa çalışacaqlar”.
Təcrübəli məşqçi “Neftçi”nin heyətində diqqətini cəlb edən futbolçuların adını açıqlayıb: “Neftçi”nin keçmişdə uğurları var. Amma “Qarabağ” və “Sabah” kimi iddialı komandalar da var. “Sabah” son vaxtlar yaxşı transferlər edib. “Qarabağ”dan aldığı oyunçular da var. Futbolu pozitiv oynamağa çalışan, rəqibə də çətin anlar yaşadan komanda olduğunu bilirəm. “Neftçi”nin “Tirana”dan güclü olduğunu əminliklə deyə bilərəm. Orta sahədə Emin Mahmudov, hücumda Lebon, Ozobiç fərqlənən oyunçulardır. Qara Qarayev oynamasa da, yaxşı futbolçudur. Demək olar ki, bütün futbolçuları yaxşıdır. “Neftçi” futbolçularının transfer qiymətlərinə görə, hazırda Azərbaycanın ən dəyərli komandasıdır”.


