“Mançester Siti”nin sabiq hücumçusu Serxio Aquero İngiltərə Premyer Liqasının növbəti mövsümü ilə bağlı gözləntilərini açıqlayıb.
Arena.az xəbər verir ki, Argentina yığmasının sabiq üzvü bu haqda özünün “Stake” sütununda yazıb:
Veteran futbolçu hesab edir ki, London “Arsenal”ı və “Mançester Yunayted” İngiltərə Premyer Liqasının növbəti mövsümündə “şəhərlilər”ə rəqabət yarada biləcək kollektivlərdir:
“Mançester Siti” ötən mövsüm Premyer Liqanın qalibi olub. Dekabrda keçirilən dünya çempionatına görə mövsümün başlanğıcı fərqli oldu. Bu, mövsümün ilk hissəsinin komanda üçün qənaətbəxş keçməsinə təsir etdi. Bununla belə, komanda düzgün axara düşə bildi və finalı uğurla tamamladı – bu amil, həmişə “Siti”nin xeyrinədir.
Əvvəllər də demişəm ki, bu komanda həmişə sona qədər mübarizə aparır. Mövsüm ərzində ciddi üstünlüyə nail olan “Arsenal” üzərində qələbə bunu bir daha nümayiş etdirdi. Mənə elə gəlir ki, “Mançester Siti” növbəti mövsümdə də çempionluğa əsas namizəd olacaq. Komanda dəqiq oyun tərzi ilə Premyer Liqanın ən yaxşısı olduğunu sübut etdi. “Siti” Premyer Liqada ardıcıl 3 çempionluq qazanıb, buna nail olmaq çətindir. Nədən növbəti titulu qazanmaq barədə düşünməyəsən? Qvardiola komandanın rəqabətdə qalmasına kömək etmək üçün düzəlişlər edəcək.
“Arsenal” gənc oyunçulardan ibarət baza yaradıb, onları hələ uzun yol gözləyir. Əminəm ki, Mikel Arteta və komandası öz mövqelərini gücləndirəcək, onlar yeni mövsümdə “Siti”nin rəqibi olacaqlar. Keçmiş mövqelərini bərpa edən və eyni zamanda “Mançester Siti”yə rəqabət təşkil edəcək “Mançester Yunayted”i də unutmaq olmaz”.
Xatırladaq ki, argentinalı hücumçu 2011–2021-ci illərdə “Mançester Siti”nin formasını geyinib. Hücumçu “şəhərlilərin” heyətində 390 oyuna 260 qol vurub. Serxio Aquero həm də təqdimata ehtiyacı olmayan məşhur Maradonanın kürəkəni olub.


