Serxio Ramos Çempionlar Liqasında yubiley qoluna imza atdı

“Sevilya”nın mərkəz müdafiəçisi Serxio Ramos üçün UEFA Çempionlar Liqasının 5-ci turunun PSV ilə ev oyunu əlamətdar olub.

Arena.az məlumat verir ki, ispan futbolçu Eyndhoven klubu ilə oyunda hesabı açmaqla, Çempionlar Liqası tarixində vurulmuş 10000-ci qolun müəllifi olub.

Buna rəğmən, oyunun gedişinə 0:2 hesabı ilə geri düşmüş Niderland təmsilçisi əzmkarlıq nümayiş etdirməklə geri-dönüş edib və 3:2 hesablı səfər qələbəsinə sevinib. Məğlubiyyət nəticəsində “Sevilya” Çempionlar Liqasının növbəti mərhələsinə çıxmaq imkanını itirib.

Veteran Ramos cari ilin iyununda PSJ-dən ayrıldıqdan sonra azad agent statusunda idi. Müdafiəçi doğma klubu “Sevilya”ya qayıdışı üçün maaşında ciddi azalmaya belə, razılaşıb və “Sevilya” ilə müddəti 2023/2024 mövsümünün sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Ümumlikdə Serxio Ramos “Sevilya”nın heyətində 2003-2005-ci illərdə çıxış etdiyi dövrdə 49 oyun keçirib, 3 qol vurub.

Cari mövsümdə Ramos “Sevilya”nın heyətində 9 oyuna 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

Serxio 2005-ci ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 180 oyun keçirib, 23 qol vurub, 8 məhsuldar ötürmə verib. Ramos İspaniya yığması ilə DÇ-2010-da, AÇ-2008-də və AÇ-2012-də qalib olub. Müdafiəçi həmçinin İspaniyanın U-19 yığması ilə AÇ-2004-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 37 yaşlı Serxio Ramosu 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: