Türkiyənin “Fənərbaxça” klubu futbolçusu Sinan Gümüş ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
28 yaşlı hücumçu ilə müqaviləyə xitam verilib. Buna Sinan Gümüşün karyerasını “Antalyaspor”da davam etdirmək istəməsi səbəb olub. O, yeni klubu ilə 2.5 illik sözləşmə imzalayıb. Hücumçu gələcəkdə başqa bir kluba satılacağı halda gəlirin 50 faizi “Fənərbaxça”ya ödəniləcək.
28 yaşlı futbolçu “Fənərbaxça”ya ötən mövsümün əvvəlində transfer edilmişdi. O, həmin mvsümdə ümumilikdə 20 oyuna çıxıb və 3 qol vurub. 2021-ci ilin avqustundan etibarən hücumçu əsas komandadan kənarlaşdırılmışdı. Bu üzdən o, cari mövsümdə heç bir rəsmi oyuna çıxmayıb.
Sinan 2020-ci ildə də “Antalyaspor”da forma geyinib. Həmin vaxt o, İtaliyanın “Cenoa” klubundan icarəyə götürülmüşdü. Futbolçu əvvəllər Almaniyanın “Ştutqart” klubunda, həmçinin “Qalatasaray”da da çıxış edib.


