Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi polşalı hücumçu Karol Angelskini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Karol Angelskinin sonuncu iş yeri “Radomyak Radom” klubu olub. O, 2020-ci ildən bu komandada çıxış edirdi. Polşanın aşağı yaşı qrupları üzrə yığmalarında da oynamış futbolçu, ölkəsində “Slask”, “Pyast”, “Zavişa”, “Olimpiya” (Qrundzendz) və “Visla” (Plotsk) klublarının formasını geyinib. O, geridə qalan mövsümdə meydana çıxdığı 35 matçda 18 qola imza atıb.
“Sivasspor” yarımmüdafiəçiləri Koray Altınay və Sefa Yılmazla da yollarını ayırdığını açıqlayıb. Onların hər ikisi “Rizəspor”a keçib.
Koray Altınay Almaniyanın “Bayern” klubunun yetirməsidir. O, Münhen təmsilçisinin ikinci komandası ilə yanaşı, bu ölkədə “Yan Regensburq”un da formasını geyinib. 2013-cü ildə Türkiyəyə üz tutan futbolçu, “Rizəspor”a keçib. O, 2013-2016 və 2018-2019-cu illər aralığında da bu klubun uğurları üçün çalışıb. 2019-2021-ci illərdə “Fatih Karagümrük”də oynamış yarımmüdafiəçi, ötən mövsümün əvvəlində Sivas klubu ilə müqavilə bağlamışdı.
Sefa Yılmaz da Almaniyada doğulub və peşəkar karyerasına “Volfsburq”da başlayıb. O, bu ölkədə “Duysburq”un da formasını geyinib. 2021/22 mövsümünün əvvəlindən Sivas klubunda çıxış edən vinger, “Kayserispor”, “Trabzonspor”, “Alanyaspor”, “Qaziantepspor”, “Boluspor”, “Altınordu” və “Gənclərbirliyi”nin də uğurları üçün çalışıb.


