Futbol üzrə Əlcəzair milli komandasının sabiq yarımmüdafiəçisi Sofian Fequli özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, 32 yaşlı vinger Türkiyənin “Fatih Karagümrük” klubu ilə anlaşıb.
Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Azad agent statusuna malik futbolçu ilə 1.5 illik müqavilə imzalanıb. Müqavilə 2023-cü ilin yanvar ayından etibarən qüvvəyə minəcək.
Xatırladaq ki, Sofian Fequli son olaraq formasını geyindiyi “Qalatasaray”dan bu ilin iyul ayında azad agent kimi ayrılmışdı. O, 2017-ci ilin yayından çıxış etdiyi İstanbul təmsilçisində 162 oyuna 34 qol vurub, 32 məhsuldar ötürmə verib. Təcrübəli vinger “Valensiya”, “Qrenobl”, “Vest Hem” və “Almeriya”nın da formasını geyinib. O, Əlcəzair yığmasında meydana çıxdığı 76 oyunda 20 qola ima atıb.
“Fatih Karagümrük” bir müddət öncə azad agent statusuna malik Adem Lyayiçlə də 1.5 illik müqavilə imzalamışdı. Onun da müqaviləsi yanvarın əvvəlindən etibarən qüvvəyə minəcək. Lyayiç də “Beşiktaş”dan ayrılandan bəri klubsuz idi.