İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti qarşıdan gələn 2024-cü il Avropa çempionatı ilə bağlı gözləntilərini paylaşıb.
Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Bu, karyeramda ən yüksək nöqtədir. Mənə elə gəlir ki, mən indi cənnətdəyəm, çünki nə vaxtsa İtaliya yığmasını Avropa çempionatına hazırlayacağımı ağlıma belə, gətirə bilməzdim. AÇ-2024-ün bütün oyunlarında əlimizdən gələni etməyə çalışacağıq. Bunun kifayət edib-etməyəcəyi bilinmir, amma bir məqamı nəzərə almaq vacibdir: indi heyətimizdə komandaya çevrilməli olan ən güclü futbolçular var.
Əgər biz birləşə bilsək, daha yüksək səviyyəli komandalarla bərabər oynayacağımıza əminəm. Biz bu vaxtı birlikdə yaşamalı, bizim üçün əsas əhəmiyyət kəsb edən tariximizə baxmalıyıq”, deyə Spalletti vurğulayıb.
İtalyan mütəxəssis həmçinin “İnter”in “skuadra adzurra”nın heyətində 6 futbolçu ilə təmsil edilməsini əsaslandırıb:
“Bir klubdan altı futbolçunun olması bizim üçün böyük bir hadisədir. Əvvəllər yığma komanda “Yuventus”, “Milan”, “İnter” və ya “Roma”nın oyunçularından ərsəyə gəlirdi. İndi “Cenoa”, “Bolonya” və digər İtaliya komandalarını təmsil edən futbolçularımız var. Tanrıya şükürlər olsun ki, kimsə italyan istedadına inanır, çünki o, var və ona çiçəklənmək imkanı vermək gərəkdir. “İnter”in öz zehniyyəti, özünəməxsus oyun tərzi var. Onlar həm də “Yuve” kimi güclüdürlər, amma həmçinin kollektivdə dostluq və birlik hissinə malikdirlər”, deyə Spalletti vurğulayıb.
Qeyd edək ki, iyunun 14-də Almaniyada start götürəcək AÇ-2024-ə iyulun 15-də yekun vurulacaq. İtaliya yığması “B” qrupunda Xorvatiya, İspaniya və Albaniya yığmaları ilə mübarizə aparacaq.


