Türkiyənin “Fənərbaxça” klubu müdafiəçisi Stiven Koker ilə vidalaşıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Əslən Syerra Leonedən olan 30 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Artıq onun yeni iş yeri də məlumdur. Təcrübəli futbolçu Super Liqanın digər təmsilçisi “Fatih Karagümrük” komandasına keçib. O, yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
Xatırladaq ki, Stiven Koker “Fənərbaxça”ya 2021-ci ilin yayında Türkiyənin digər klubu “Alanyaspor”dan gəlmişdi. Lakin heyətə düşməkdə çətinlik çəkən futbolçu icarə əsasında “Qaziantep”də oynamağa qərar vermişdi. O, daha öncə “Liverpul”, “Sauthempton”, “Suonsi Siti”, “Tottenhem”, “Bristol Siti”, “Kardiff Siti”, “Yeovil Taun”, “Dandi Yunayted” və KPR klublarında da forma geyinib. O, Syerra Leone yığmasında da 8 oyun keçirib.


