Türkiyə Futbol Federasiyası (TFF) 2023-cü il Türkiyə Super Kubokunun ləğvi ilə bağlı məsələdə ölkə prezidentinin iştirakını təkzib edib.
Arena.az məlumat verir ki, TFF ötən il dekabrın 29-da baş tutmalı olan “Qalatasaray” və “Fənərbaxça” komandaları arasında ölkə Super Kuboku oyununun ləğv edilməsinə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın təsir göstərməsi ilə bağlı yayılmış xəbərləri təkzib edib.
“Türkiyə Futbol Federasiyası olaraq siyasətin heç vaxt idmana qarışmaması lazım olduğuna inanırıq. 2023-cü ilin Super Kubok matçının Ər-Riyadda keçirilməsi təklifi SMC (Saudi Media Company / Riyadh Season) tərəfindən federasiyamıza çatdırılıb və hər iki klubumuzun razılığı ilə imzalanıb. Prezidentimizin hər hansı formada bu prosesə cəlb olunması ilə bağlı bütün iddialar əsassızdır.
Milli dəyərlərimiz, Atatürk prinsipləri prosesin heç bir mərhələsində müzakirəyə açıq olmayıb. Bunun əksi iddialar əsassız, şər və millətimizin bütövlüyünə yönəlmiş təxribatdır. Türkiyə Futbol Federasiyası olaraq cəmiyyətimizin ən mühüm birləşdirici qüvvəsi olan idmanın fərqli məqsədlər üçün istifadəsinə heç vaxt icazə verməyəcəyimizi vurğulayırıq. Türkiyə futbolunun adından söz etdirməsi üçün bundan sonra da əzmlə çalışmalarımıza davam edəcəyik”.
Xatırladaq ki, klublar oyundan əvvəl Türkiyə himninin səsləndirilməsini, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün şəklinin asılmasını istəyirdilər. Lövhədə isə Atatürkün məşhur şüarı yazılmalı idi: “Yurdda sülh, cahanda sülh”. Bundan əlavə, Türkiyə Cümhuriyyətinin ildönümü üçün komandalar Atatürkün təsviri olan köynəklər geyinəcəkdilər. Bu tələblər Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən qətiyyətlə rədd edilib. Bu vəziyyəti nəzərə alaraq “Qalatasaray” və “Fənərbaxça” bu oyunun keçirilməyəcəyini açıqlayıblar.


