“The Best”: Lionel Messinin kimlərə səs verdiyi məlum oldu

Ötən gün “The Best” mükafatına layiq görülmüş Argentina milli komandasının hücumçusu Lionel Messinin səsvermədə kimləri seçdiyi məlum olub.

Arena.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Messi 5 xalı Erlinq Halanda (“Mançester Siti”, Norveç) verib. Argentinalı hücumçu Kilian Mbappeyə 3 (PSJ, Fransa), Xulian Alvaresə (“Mançester Siti”, Argentina) isə 1 səs ünvanlayıb.

Ümumi səsvermənin yekununda Lionel Messi “The Best”ə layiq görülüb. Erlinq Haland 2-ci yeri, Kilian Mbappe isə 3-cü yeri tutub.

Lionel Messinin məşqçi seçimləri də maraq doğurur. O, “Mançester Siti”yə rəhbərlik edən Xosep Qvardiolaya 5, “Barselona”nı çalışdıran Xaviyə 3, ötən mövsüm “Napoli”ni İtaliya çempionu etmiş, hazırda İtaliya yığmasını çalışdıran Luçano Spallettiyə isə 1 xal verib. Yekunda Qvardiola ötən ilin ən yaxşı məşqçisi seçilib və Messinin seçimi özünü doğruldub.

Argentinalı ulduzun ilin qapıçısı ilə bağlı seçimi də uğurlu olub. O, “Mançester Siti”nin qapıçısı Edersona 5 xal verib ki, qalib də məhz braziliyalı qolkiper olub. Messi ikinci yeri Andre Onanaya, üçüncü yeri isə Mark-Andre ter Ştegenə verib.

Xatırladaq ki, Lionel Messi özü ötən gecə London şəhərində təşkil olunmuş “The Best”in mükafatlandırılma mərasiminə qatılmayıb. Yayılan xəbərlərə görə, onun bu qərarı verməsinə səbəb özünün mükafat qazanacağına inanmaması olub. 36 yaşlı hücumçu karyerasında 3-cü dəfə bu mükafatı əldə edib. O, daha öncə 2019 və 2022-ci illərdə də ilin ən yaxşı kişi futbolçusu seçilmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: