Almaniyanın U-21 yığmasının və Dortmund “Borussiya”sının sol cinah müdafiəçisi Tom Rote bundan sonra “Union Berlin”in formasını geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
19 yaşlı futbolçu ilə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Amma “Union Berlin”in bu keçidə görə “Borussiya”ya 5 milyon avro ödədiyi bildirilir.
Tom Rote “Borussiya”nın əsas komandasında 7 oyun keçirib. O, bu oyunlarda 1 qol və 1 assistlə yadda qalıb. Müdafiəçi icarə əsasında “Holştayn Kil”də də çıxış edib. Almaniyanın U-17, U-19 və U-20 yığmalarına da oynamış futbolçu 2023-cü ilin sentyabrından U-21-ə dəvət alır.

Paytaxt klubunda beş ayrılıq
Tom Roteni heyətinə qatan “Union Berlin” bir neçə futbolçusu ilə də yollarını ayırıb. Yapon sol vinger Keyta Endo ölkəsinin “Tokio” klubu ilə anlaşıb. 26 yaşlı futbolçu daha öncə icarədə də oynadığı bu klubla 2024-cü ilin 31 dekabrına qədər müqavilə bağlayıb. Yaponiya yığmasının da üzvü olan yarımmüdafiəçi “Union Berlin”də 21 oyuna cəmi 1 qolla yadda qalıb.
Mərkəz yarımmüdafiəçisi Ayssa Layduni Qətərin “Əl-Vakra” klubuna satılıb. Almaniya klubu 27 yaşlı tunisli futbolçunun satışından 4,5 milyon avro qazanıb. Tunis millisinin üzvü “Union Berlin”in heyətində meydana çıxdığı 50 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə verib.
Almaniyalı mərkəz müdafiəçisi Robin Knoxe azad agent kimi “Nürnberq”ə keçib. 32 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb. O, 2020-ci ildən formasını geyindiyi Berlin klubunun heyətində 226 oyuna çıxıb, 14 qol vurub, 5 assistlə yadda qalıb.
“Union Berlin” qapıçısı Lennart Qrili də “Ayntraxt”a (Braunşveyq) icarəyə verib. 25 yaşlı alman qolkiper qarşıdakı mövsümün sonunadək icarədə olacaq.
Sol cinah müdafiəçisi olan Tımoteuş Puxaç Bundesliqanın yeni iştirakçısı “Holştayn Kil” klubuna keçib. 25 yaşlı polşalı futbolçu ilə imzalanmış müqavilənin müddəti və transferin digər detalları açıqlanmır. Polşa millisinin də üzvü olan müdafiəçi “Union Berlin”in heyətində 10 oyuna çıxıb, 1 qol və 2 assistlə yadda qalıb.
Yeri gəlmişkən, “Holştayn Kil” sol vingeri Ba-Muaka Simakala da azad agent kimi “Osnabryuk”a keçib. 27 yaşlı futbolçu “Holştayn Kil”in heyətində cəmi 13 oyuna çıxıb, fərqlənməyib.


