Tomas Tuxel Tçuamenini “Bayern”də görmək istəyir

“Bayern”in baş məşqçisi Tomas Tuxel “Real”ın fransalı yarımmüdafiəçisi Orelyen Tçuamenini Münhen klubunda görmək istəyir.

Arena.az bu barədə “Sport1” portalına istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Tuxel Münhen klubunun rəhbərliyinin Tçuamenini bu yay “Bayern”ə cəlb edə biləcəyinə ümidlidir.

“Bayern” dayaq yarımmüdafiəçisi mövqeyinə bir neçə namizədi nəzərdən keçirib. Bu yaxınlarda münhenlilər “Fiorentina”dan Sofyan Amrabat, “Ayaks”dan Edson Alvares üçün müraciət etmişdilər. Amma Tomas Tuxel məhz Orelyen Tçuameninin namizədliyi üzərində dayanıb.

“Bayern” artıq fransalı “dayaqçı”nın təmsilçiləri ilə ilkin danışıqlara başlayıb. Tçuameni fransalı komanda yoldaşlarına “Bayern” haqda müvafiq suallar verməklə, ilkin təəssüratını formalaşdırıb. Tçuameninin əhatəsində “Real”ın fransalı yarımmüdafiəçiyə müntəzəm oyun təcrübəsini təmin etməyəcəyi halda, “dayaqçı”nın asanlıqla Münhen klubunun düşərgəsinə yollana biləcəyi haqda söhbətlər gedir.

Ötən mövsüm Tçuameni mütəmadi surətdə “Real”ın ehtiyat oyunçular skamyasında vaxt keçirib. “Kral klubu”nun gənc Cud Bellingemi transfer etməsi ilə Tçuameninin Madrid klubunda gələcəyi kölgə altına düşə bilər. 23 yaşlı fransalı yarımmüdafiəçi əsas heyətdə yer uğrunda mübarizəsini əməli fəaliyyəti ilə ortaya qoyacağını iddia etsə də, son söz madridlilərin məşqçi qərargahındadır. Digər tərəfdən Tçuameni qarşıdakı AÇ-2024-ün seçmə oyunlarında da oynamaq istəyindədir və bunun üçün sabit oyun təcrübəsinə ehtiyacı var ki, öz növbəsində “Bayern” bunu təmin edir.

Zabitserlə Qoretska gedəcək

“Bayern” rəhbərliyi məsələnin maliyyə tərəfinə də diqqət edərək fürsətcil mövqe tutub. Münhen klubu “Kral klubu”nun fransalı ulduz hücumçu Kilian Mbappenin transferi müqabilində, Madrid klubunun büdcəsinin mənfiyə doğru düşməməsi üçün komandanın ulduzlarından birini satacağı ehtimalını bilir və Tçuameninin transferi zamanı bu üstünlükdən yaralanmaq fikrindədir.

Tomas Tuxelin “Çelsi”ni çalışdırdığı zaman da Orelyen Tçuameninin xidmətində maraqlı olduğu vurğulanır.

Hazırda “Bayern” Tçuameninin transferi ilə bağlı “Real”la konkret danışıqlar aparmır. Münhen klubunun rəhbərliyi Tomas Tuxelin Orelyen Tçuamenini komandasında görmək istəyini, bir neçə yarımmüdafiəçinin komandadan ayrılacağı təqdirdə ciddi düşünərək, təmin edəcək. Güman ki, bu halda “Bayern”i komandadan ayrılması təxmin edilən Marsel Zabitserlə bərabər Leon Qoretska da tərk edəcək.

“Bayern” rəhbərliyinin “Real”ın prezidenti Florentino Pereslə çox yaxşı münasibəti olduğu və bu münasibətin Tçuameninin transferi məsələsində münhenlilərin xeyrinə olacağı vurğulanır.

Xatırladaq ki, “Real” Tçuamenini bir il öncə “Monako”dan 80 milyon avro qarşılığında Madridə transfer edib.

Tçuameni 2022/2023 mövsümünün ilk yarısında “Real”ın heyətində müntəzəm çıxış etsə də, Qətərdəki dünya çempionatından sonra əsas mövqeyini tədricən itirməyə başlayıb.

Geridə qalmış mövsüm ərzində Tçuameni “Real”ın heyətində 50 oyun keçirib, 4 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı Orelyen Tçuamenini 85 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: