16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-16) Qəbələdə təşkil olunmuş 3-cü MDB Oyunlarında final matçına çıxıb.
Arena.az xəbər verir ki, U-16 millimiz həlledici oyunda Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Qəbələ şəhər stadionunda keçirilmiş görüş qonaq komandanın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində hər iki qolu Əli Bəşirov (46 və 67-ci dəqiqələr) vurub.
Beləliklə, Rusiya yığması 3-cü MDB Oyunlarının qalibi olub, Azərbaycan millisi isə gümüş mükafat qazanıb.
3-cü yer uğrunda matçda Tacikistan üzərində 2:0 hesablı qələbə qazanmış Belarus seçməsi turnirin bürünc medallarına yiyələnib.
Qeyd edək ki, millimiz qrupdakı oyunlarında Tacikistanı 1:0, Qırğızıstanı isə 4:0 hesabı ilə məğlub etmişdi.


