“Udineze” klubu İtaliya A Seriyasının 21-ci turunda komandanın “Milan”a qarşı oyununda (2:3) baş vermiş irqçi qalmaqala dair tədbir arayır.
Arena.az “Rai Sport” dərgisinə istinadən məlumat verir ki, Udine təmsilçisinin baş direktoru Franko Kollavino sözügedən oyunda “rossoneri”nin fransalı qapıçısı Mayk Menyana qarşı irqçi təhqirlərə yol vermiş azarkeşlərə qarşı sərt cəza istəyib.
Kollavino həmin azarkeşlərin stadiona gəlməsini ömürlük qadağan etmək istəyində olduqlarını bildirib:
“Biz əminik ki, iki-üç nəfərdən çox təqsirkar yoxdur. Heç bir şüar yox idi: həm hakim, həm də federal prokuror bunu təsdiqləyiblər. Hər halda, miqdarın əhəmiyyəti yoxdur. Yalnız bir qayda pozuntusu olsa belə, bu, çox ciddi qanun pozuntusudur. Ədliyyə orqanları tərəfindən verilən stadionları ziyarət qadağası məhdud müddətə malikdir, amma biz bu irqçilərin stadiondan ömürlük çıxarılmasına çalışacağıq”, deyə Kollavino vurğulayıb.
Xatırladaq ki, “Milan”ın qapıçısı Menyan “Udineze” azarkeşlərinin ona ünvanladığı irqçi təhqirlərdən hakimə şikayət etmişdi. Qapıçı oyunu davam etdirmək istəməyərək tribunaya girsə də, komanda yoldaşları onu xahişlə oyuna geri qayıtmağa razı sala bilmişdilər. Oyun bu hadisələrə görə beş dəqiqə müddətində dayandırılıb və sonra davam etdirilib.
Oyundan sonra verdiyi müsahibəsində Menyan irqçi azarkeşlər tərəfindən ona “meymun” deyildiyini, həmçinin irqçi zəmində digər əxlaqsız ifadələrə “bəzədildiyini” bildirib.


