UEFA bu həftə baş tutan avrokubok oyunlarından sonra həftənin oyunçusu adına namizədlərin siyahısını açıqlayıb.
Arena.az xəbər verir ki, hər üç qitəmiqyaslı turnirin ən yaxşısı adına 4 namizəd var.
Çempionlar Liqasında namizədlər bunlardır: Ceydon Sanço (“Borussiya”, Dortmund, Almaniya), David Raya (“Arsenal”, İngiltərə), Yan Oblak (“Atletiko”, İspaniya), Pau Kubarsi (“Barselona”, İspaniya).
Sanço PSV-yə doğma meydanda 2:0 hesabıyla qalib gəldikləri matçda 1 qol vurub.
Raya “Portu”nu 1:0 hesabıyla yendikləri görüşdə 3 seyv edib.
Oblak da “İnter”i 2:1 hesabıyla üstələdikləri görüşdə 3 seyvlə yadda qalıb.
Kubarsi isə “Napoli”ni 3:1 hesbaıyla məğlub etdikləri ev oyununda 94 faizlik doğru ötürmə göstəricisi ilə namizədlər sırasına düşüb.
Avropa Liqasında namizədlərdən biri “Qarabağ”la oyunda dubla imza atmış “Bayer”in hücumçusu Patrik Şikdir. Məhz o, təzminat dəqiqələrində 2 qol vurmaqla komandasının 3:2 hesablı əzmkar qələbəsini rəsmiləşdirmişdi.
Avroliqada həftənin ən yaxşısı adına digər namizədlər Rafael Leao (“Milan”), Məhəmməd Salah (“Liverpul”) və Məhəmməd Kudusdur (“Vest Hem).
Leao Praqa “Slaviya”sına 3:1 hesabıyla qalib gəldikləri səfər matçında 1 qol və 1 assistlə yadda qalıb.
Salah da Praqa “Sparta”sına 6:1 hesabıyla gəldikləri ev oyununda 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Kudus isə “Frayburq”la ev oyununda (5:0) dubla imza atıb. Üstəlik, onun ötürmələrinin 97 faizi dəqiq olub.
Avropa Konfrans Liqasında da həftənin ən yaxşı oyunçusu adına bunlar namizəddirlər: Martin Yedliçka (“Viktoriya”, Plzen, Çexiya), Ayub El Kaabi (“Olimpiakos”, Yunanıstan), Konstantinos Kulirakis (PAOK, Yunanıstan), Skov Olsen (“Brügge”, Belçika).
Yedliçka “Servett” ilə qolsuz heç-heçədə 7 seyvlə diqqət çəkib.
El Kaabi Təl-Əviv “Makkabi”sinə 6:1 hesabıyla qalib gəldikləri səfər matçında dubla imza atıb.
Olsen də “Molde”ni 3:0 hesabıyla yendikləri ev oyununda dubl edib.
Kulirakis isə Zaqreb “Dinamo”suna 5:1 hesabıyla qalib gəldikləri oyunda qollardan birinin müəllifi olub.
Qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermənin yekununa əsasən müəyyənləşəcəklər.


