UEFA-nın maliyyə hesabatı açıqlandı: Qurumun gəliri azalıb

Bu gün Portuqaliyanın paytaxtı Lissabonda təşkil olunmuş UEFA-nın 47-ci Konqresində qurumun ötən mövsüm üçün maliyyə hesabatı açıqlanıb. Arena.az xəbər verir ki, qurumun maliyyə direktoru Yozef Koller Konqresdə 2021/22 mövsümünün hesabatını təqdim edib.

Onun sözlərinə görə, qitə futbol qurumunun 2021/22 mövsümündən əldə etdiyi gəlir 4 milyard avronu keçib. Ötən mövsümün gəliri əvvəlki mövsümdən 1,673 milyard avro azalaraq 4,052 milyard avro olub. Lakin bu, 2019/20 mövsümündən 1,014 milyard avro çoxdur. Eyni zamanda, UEFA-nın himayəsi altında keçirilən klub yarışlarından əldə olunan gəlir 3,614 milyard avro təşkil edib ki, bu da bir mövsüm əvvəlkindən (3,156 milyard avro) 15 faiz çoxdur.

Beynəlxalq yarışlar baxımından UEFA-nın 2018-2022-ci illər dövrü üçün gəlirləri 2014-2018-ci illər dövrünün gəlirlərindən təxminən iki dəfə çox olub – 1,911 milyard avroya qarşı 1,033 milyard avro.

UEFA-nın balansı 3,2 milyard avrodan 2,7 milyard avroya, təşkilatın ehtiyatları isə 523 milyon avrodan 447 milyon avroya düşüb. Hesabatda 2021/22 mövsümündə koronavirus pandemiyasının Avropa futboluna təsirinin azaldığı qeyd edilir.

Qurumun xəzinədarı Devid Gill isə bildirib ki, UEFA AÇ-2024-də iştirak edəcək assosiasiyalara 331 milyon avro ödəyəcək. O, bugünkü Konqresdə 2023/24 mövsümü üçün büdcənin təqdimatı zamanı bildirib.

“2024-cü ildə Avropa çempionatından proqnozlaşdırılan gəlir 2 milyard 409 milyon avro təşkil edir. Bu, son Avropa çempionatı ilə müqayisədə 28 faiz çoxdur. 331 milyon avro 2024-cü ildə Avropa çempionatında iştirak edəcək assosiasiyalar arasında bölüşdürüləcək. UEFA-nın gəliri 2023/24 mövsümü üçün 6 milyard 687 milyon avro proqnozlaşdırılır”.

Xatırladaq ki, Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: