“Napoli”nin nigeriyalı mərkəz hücumçusu Viktor Osimhen yolverilməz davranışı müqabilində komandadan üzr istəyib.
Arena.az bu barədə “La Gazzetta dello Sport” nəşrinə istinadən məlumat verir.
Osimhen baş məşqçisi, fransız mütəxəssis Rudi Qarsiya başda olmaqla, komanda heyətindən əvəzlənmədən sonra nümayiş etdirdiyi yolverilməz davranışa görə üzr istəyib.
Xatırladaq ki, A Seriyasının 5-ci turu çərçivəsində “Bolonya” ilə oyunun (0:0) son dəqiqələrində əvəzlənmiş Osimhen, meydanı əsəbi şəkildə tərk edib. O, paltardəyişmə otağında da mərəkə qopararaq, baş məşqçi Rudi Qarsiya ilə taktiki mövzuda çılğıncasına mübahisəyə girişib. Osimhen fransız mütəxəssisdən niyə iki hücumçu ilə oynamağa keçmədiyinin haqq-hesabını çəkməyə qalxıb. Müvafiq halların komandadaxili sağlam ab-havaya ziyan vurduğu isə aşkardır.
Vurğulayaq ki, Viktor Osimhen komandasının “vuran ayağı”dır. Nigeriyalı mərkəz hücumçusu geridə qalmış 2022/2023 mövsümündə A Seriyasının ən sərrast futbolçusu olub. Cari mövsümdə isə o, 6 oyunda 3 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 24 yaşlı Viktor Osimheni 120 milyon avro məbləğində qiymətləndirir.
“Napoli”yə gəlincə, cari çempion A Seriyasının 2023/2024 mövsümündə 2 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət yaşayıb, top fərqi isə 8:5 nisbətindədir. Hər hansı digər komanda üçün mövsümə müvafiq surətdə başlanğıc bəlkə də qənaətbəxşdir, ancaq tələbkar neapollular çempion qismində müvafiq başlanğıcı heç də alqışlamırlar.


