Vinisius Junior “Real”ın ən məhsuldar braziliyalısı oldu

Çempionalar Liqasının 1/4 finalının “Arsenal”la cavab oyunu “Real”ın braziliyalı ulduz hücumçusu Vinisius Junior üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, “Vini” “Real”ın 1:2 hesabı ilə məğlub olduğu bu oyunda qol vurmaqla Madrid klubunda rekorda imza atıb.

Belə ki, Vinisius Junior “Real”ın tarixində ən sərrast braziliyalı qolçu adına şərikli sahib olduğu, dünya futbolunun əfsanəsi Ronaldonun rekordunu qırıb. “Real” üçün bütün yarışlar çərçivəsində 310 oyuna çıxmış “Vini” 105-cü dəfə rəqib qapılarını “dələrək”, “Yekədiş”i geridə qoyub. Ronaldo isə “Real” üçün 104 qolunu 177 oyunda vurub. Göründüyü kimi, indi Vinisius “Real”ın ən sərrast braziliyalı futbolçusudur və müvafiq nailiyyətini qarşıdakı illərdə daha da yaxşılaşdıra bilər.

Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.

Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə “Vini” madridlilərin heyətində 45 oyuna çıxıb, 20 qol və 14 məhsuldar ötürmə ilə fərqlənib.

Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi 310 oyun, 105 qol, 82 məhsuldar ötürmədən ibarətdir.

“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

Vinisius Junior 2019-cu ilin sentyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 39 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.

“Transfermarkt” 24 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: