Xavi “Atletiko” – “Real” derbisindən danışdı

“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 6-cı turunda “Atletiko”nun “Real” üzərində qələbəsindən (3:1) danışıb.

Arena.az “Marca” nəşrinə istinadən Xavinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Derbiyə baxdım, əla oyun idi, xüsusən də “Atletiko” üçün. Ançelottinin səhv edib-etmədiyini bilmirəm. Bu, “Atletiko” üçün vacib qələbədir. Mən həmişə “Real”ı güclü hesab edirəm, amma bütün komandalar kimi onların da güclü və zəif tərəfləri var. Biz “Malyorka” üzərində köklənmişik, “Real”ı təhlil etməmişəm. Hesab edirəm ki, “Atletiko” çox güclüdür. Onlar qələbəni haqq ediblər”, deyə Xavi vurğulayıb.

Xatırladaq ki, sentyabrın 24-də İspaniya Liqasının 6-cı turu çərçivəsində əzəli rəqibi “kral klubu”nu qəbul etmiş “döşəkçilər” 3:1 hesabı ilə gözlənilməz qələbə qazanıblar.

Qələbə sayəsində “Atletiko” xalını 10-a çatdırıb və hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Derbiyə qədər potensial lider qismində olan “Real” isə məğlubiyyəti nəticəsində 3-cü pilləyə düşüb. “Qaymaqlılar”ın 15 xalı var. 16 xal toplamış Kataloniya təmsilçiləri “Barselona” və “Girona” isə müvaviq olaraq 1-ci və 2-ci yerləri bölüşürlər.

Xəbəri sosial şəbəkələrdə paylaş: