Kataloniya nəhəngi “Barselona”nın baş məşqçisi, ispaniyalı mütəxəssis Xavi mövsümün sonunda “blauqarana”nın düşərgəsində qala bilər.
Arena.az “Sports.es” dərgisinə istinadən məlumat verir ki, baş məşqçi bu məqsədlə klub idarəçiləri qarşısında tələb qoyub.
İspaniyalı mütəxəssis “Barselona”nın uzunmüddətli layihəsi ilə bağlı dəqiq zəmanətlər almaq istəyir. Vurğulanır ki, Xavi klubun maliyyə çətinliklərini nəzərə alaraq mütləq əldə edə biləcəyi futbolçulardan ibarət transfer siyahısının tərtib edilməsini istəyir.
Xatırladaq ki, yanvarın sonunda Xavi cari mövsümün sonunda Kataloniya klubundan ayrılacağını açıqlamışdı. Bundan sonra jurnalistlərin suallarını cavablamış ispaniyalı mütəxəssis “Barselona”dan ayrılmaq niyyətinin dəyişmədiyini dəfələrlə təsdiqləyib.
Xavi “Barselona”nı 2021-ci ilin noyabrından çalışdırır. 44 yaşlı Mütəxəssisin Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komandadır. Buna qədər ispan mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb və komandaya Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.
Geridə qalmış 2022/2023 mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək məşqçinin 24 ili “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il “Barselona”nın əsas komandasında çıxış edib.
Hazırda Xavinin “Barselona”sı İspaniya La Liqasının 30 turundan sonra 67 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. La Liqaya 75 xalla “Real” başçılıq edir.


