İspaniyanın “Alaves” klubunun müdafiəçisi Xavyer Lopes Karbalyo (Xavi Lopes) bundan sonra “Real Sosyedad”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə 22 yaşlı sol cinah müdafiəçisinin yeni klubu məlumat yayıb.
“Real Sosyedad” bu transfer üçün Alavesə 6,5 milyon avro ödəyib. Gənc futbolçu ilə 6 illik (2030-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Xavi Lopes “Alaves”in yetirməsidir. O, bu klubun əsas komandasında 92 oyuna çıxıb, 1 qol və 4 assistlə yadda qalıb.
Xavini heyətinə qatan “Real Sosyedad” üç futbolçusu ilə də yollarını ayırıb. Sözügedən klub sol cinah müdafiəçisi Dieqo Riko ilə sağ vingeri Aleks Solanı “Xetafe”yə satıb. “Real Sosyedad” bu iki oyunçunun satışından müvafiq olaraq 1,5 və 1 milyon avro gəlir götürüb. 31 yaşlı Dieqo “Xetafe” ilə 2, 25 yaşlı Aleks isə 3 illik müqavilə bağlayıb.
“Real Sosyedad” mərkəz hücumçusu Xon Karrikaburunu da “Rasinq”ə icarəyə verib. 21 yaşlı ispan forvard qarşıdakı mövsümün sonunadək icarədə olacaq. Onun “Real Sosyedad”la 2026-cı ilin 30 iyununa qədər müqaviləsi var.
“Alaves”də daha bir ayrılıq və 3 yeni futbolçu
“Alaves” də heyətinə bir neçə dəyişiklik edib. La Liqa təmsilçisi digər sol cinah müdafiəçisi Ruben Duarteni də 4 milyon avro qarşılığında Meksikanın “UNAM Pumas” klubuna satıb. 28 yaşlı ispan futbolçu yeni klubu ilə 3 illik sözləşməyə imza atıb. Daha öncə “Espanyol”da oynamış Duarte 2017-ci ildən “Alaves”in uğurları üçün çalışırdı.
“Alaves” yeni oyunçularla da güclənib. İspaniya klubu Argentina təmsilçisi “Qodoy Krus”dan Tomas Koneçnini transfer edib. Klub bu keçid üçün 2 milyon avro ödəyib. 26 yaşlı argentinalı sol vingerlə 4 illik müqavilə imzalanıb.
“Eybar”ın sol vingeri – Stoiçkov ləqəbi ilə tanınan Xuan Dieqo Molina Martines də bundan sonra “Alaves”də çıxış edəcək. La Liqa klubu onun keçidi üçün 1 milyon avro ödəyib. 30 yaşlı ispan futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Fransa vətəndaşlığına da malik olan malili mərkəz müdafiəçisi Mussa Diarra isə “Alaves”ə azad agent kimi keçib. 23 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Mali millisində 4 oyun keçirmiş müdafiəçi bu vaxta qədər yalnız “Tuluza”da çıxış edib.


