Bu yay Almaniyanın “Bavariya” klubu ilə yolları ayrılan Xavi Martines özünə yeni komanda tapıb. Arena.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi bundan sonra Qətər çempionatında çıxış edəcək.
Belə ki, ispan futbolçu bu ölkənin “Qətər” klubu ilə razılıq əldə edib. Bu barədə Qətər təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Martineslə razılaşmanın müddəti və digər detalları açıqlanmayıb. O, yeni komandasına azad agent statusu ilə keçib.
Qətərin eyniadlı klubu ölkənin Ulduzlar Liqasında mübarizə aparır. Sözügedən komanda ötən mövsüm altıncı yeri tutub.
Xavi Martines 2012-ci ildən “Bavariya”nın uğurları üçün çalışırdı. 32 yaşlı müdafiəçi bu komandanın heyətində meydana çıxdığı 267 matçda 14 qol vurub. İspan futbolçu daha öncə ölkəsində “Osasuna” və “Atletik” klublarının uğurları üçün çalışıb. Martinesin karyerasının son illərini də İspaniyada keçirməsi gözlənilirdi. Lakin o, son anda fərqli seçim edib.


