Madrid “Real”ının 26 yaşlı mərkəz müdafiəçisi Xesus Valyexo yenidən “Qranada” klubu tərəfindən icarəyə götürülüb.
Arena.az bu barədə sözügedən klubların rəsmi saytlarına istinadən xəbər verir.
İspan futbolçunun qarşıdakı mövsümün sonuna (2024-cü ilin 30 iyununa qədər) kimi “Qranada” icarədə olacağı diqqətə çatdırılıb. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti də 2025-ci ilin 30 iyununa qədərdir.
Xatırladaq ki, Xesus Valyexo 2020/2021 mövsümündə də “Qranada”da icarədə oynayıb. O, həmin vaxt bu komandanın heyətində 51 oyuna çıxıb. “Real” Valyexonu daha öncə “Saraqosa”, “Ayntraxt” (Frankfurt) və “Vulverhempton” klublarına da icarəyə verib. “Saraqosa”nın yetirməsi olan futbolçu “Real”a 2015-ci ildə transfer olunsa da, Madrid təmsilçisində heç cür möhkəmlənə bilməyib. O, “Kral klubu”nun heyətində cəmi 31 oyuna çıxıb və 1 qolla yadda qalıb. İspaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış futbolçu əsas millidə debüt şansı qazanmayıb.
“Qranada” 7 futbolçusu ilə də yollarını ayırdığını açıqlayıb. Ruben Roşina, Xorxe Molina, Conatan Silva, Erik Kabako, Pol Losano, Xoakin Marin və Adrian Butske La Liqaya yüksələn bu klubu tərk ediblər. Onların bəzisi özlərinə yeni klub tapıblarsa, bir neçəsi də azad agent kimi hazırda yeni iş yeri axtarırlar.


