Yaponiyanın “Tokyo” klubunun qapıçısı Yakub Slovik bundan sonra karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Arena.az xəbər verir ki, Polşadan olan 32 yaşlı qolkiper “Konyaspor”a keçib.
Bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Təcrübəli qapıçı ilə 1,5 illik müqavilə imzalanıb. Türkiyə klubu bu keçidə görə “Tokyo”ya təzminat ödəmək məcburiyyətində qalmayıb.
Yakub Slovik 2022-ci ilin yanvarından Yaponiya klubunun uğurları üçün çalışırdı. O, “Tokyo”nun heyətində 61 oyuna çıxıb, 80 qol buraxıb, 21 “quru” matç keçirib.
Polşalı qolkiper əvvəllər “Sparta” (Şamotuli), “Sparta” (Obroniki), “Yagelloniya”, “Varta”, “Poqon”, “Şlonsk”, “Veqalta Senday” kimi klubların da formasını geyinib. Polşanın U-20 və U-23 yığmalarında oynamış qapıçı əsas millidə də 1 oyun keçirib.

Xatırladaq ki, “Konyaspor” bir neçə gün öncə əsas qapıçısı Pol Bernardoni ilə yollarını ayırmışdı. Fransadan olan 26 yaşlı qolkiperlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilmişdi.
Yeri gəlmişkən, artıq Bernardoninin yeni iş yeri müəyyənləşib. O, İsveçrənin “İverdon Sport” klubuna keçib. Tərəflər yarım illik müqaviləyə imza atıblar.
Pol Bernardoni “Konyaspor”a 2023-cü ilin avqust ayında Fransanın “Anje” klubundan gəlmişdi. O, Super Liqa təmsilçisində 17 oyuna çıxıb, 22 qola imza atıb, 4 “quru” matç keçirib. Fransalı qolkiper karyerası ərzində “Anje”, “Olimpik” (Nim), “Klermon”, “Sent Etyen”, “Trua”, “Bordo” kimi klublarda da forma geyinib. Bernardoni Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.


