“Barselona”nın ispaniyalı cinah hücumçusu Lamin Yamal alman məşqçi Hansi Flikin rəhbərliyi altında işləməsindən söhbət açıb.
Arena.az “Marca” nəşrinin RNE “Radiogaceta” dərgisinə istinadı əsasında Yamalın bu barədə fikrini təqdim edir:
“Cənab Flikin bizə aşıladığı oyun quruluşundan razıyıq. Onun bizə bəxş etdiyi inam və fəaliyyət azadlığı hissindən də məmnunuq. Həmçinin bizə qələbə qazanmaq da xoşdur”, deyə Yamal bildirib.
Xatırladaq ki, Hansi Flik cari ilin iyulunda “Barselona”nın sükanı arxasında ispan mütəxəssis Xavini əvəzləyib. Alman mütəxəssisin Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Alman mütəxəssisin qarşısında bir məqsəd qoyulub – “Barselona”nı dirçəltmək və klubun iddiasını ortaya qoymaq.
Rəhbərliyi müddətində Flikin “Barselona”sı 11 oyuna 9 qələbə qazanıb və 2 oyunda məğlub olub. “Blauqrana”nın top fərqi isə 34:11 nisbətindədir.
İspaniya La Liqasının 9 turundan sonra “Barselona” 24 xalla yarış cədvəlinin zirvəsində qərarlaşıb.


