Yon Dal Tomasson İsveç millisindən qovuldu

Danimarka yığmasının sabiq hücumçusu, 49 yaşlı mütəxəssis Yon Dal Tomasson İsveç millisinin baş məşqçisi vəzifəsindən qovulub.

Arena.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

İstefaya İsveç millisinin qeyri-qənaətbəxş nəticələri səbəb olub. DÇ-2026-nın seçmə mərhələsində B qrupunda yer alan komanda ötən gün Kosovo ilə matçda məğlub olub – 0:1.

Beləliklə, İsveç yığması qrupda keçirdiyi 4 oyunda 1 xal toplayaraq sonuncu – 4-cü yerdə qərarlaşıb. Turnir cədvəlinə 10 xalla İsveçrə yığması başçılıq edir. Kosovo (7 xal) ikinci, Sloveniya (3 xal) isə üçüncü pillədə yer alıb.

Xatırladaq ki, 49 yaşlı danimarkalı mütəxəssis 2024-cü ilin martından İsveç yığmasına rəhbərlik edirdi. O, bu komandanı 18 oyuna çıxarıb, 9 qələbə, 2 heç-heçə və 7 məğlubiyyət görüb.

Tomassonun İsveç yığması ilə müqaviləsi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi başa çatana qədər nəzərdə tutulmuşdu. Milli uğur qazanacağı təqdirdə, müqavilə avtomatik olaraq daha iki il müddətinə uzadılacaqdı.

Yon Dal Tomasson məşqçiliyə 2016-cı ildə Danimarka yığmasında köməkçi kimi başlayıb. O, 2020-2021-ci illərdə İsveçin “Malmö” klubunu çalışdırıb. Onun rəhbərliyi altında komanda iki dəfə İsveç çempionu olub və UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. Tomasson İngiltərə Çempionşipində mübarizə aparan “Bləkbörn”ün də baş məşqçisi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: