“Adana Dəmirspor”un və Mərakeş yığmasının hücumameyilli yarımmüdafiəçisi Yunes Belhanda Türkiyə klubundan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Onun Adana təmsilçisi ilə bu mövsümün sonunadək müqaviləsi vardı.
Xatırladaq ki, Belhanda “Adana Dəmirspor”a 2021-ci ilin yayında “Qalatasaray”dan azad agent kimi ayrılaraq gəlmişdi. O, həmin vaxt bu klubla 3 illik müqaviləyə imza atmışdı. Belhanda bu komandada 74 oyuna çıxıb, 19 qol və 12 məhsuldar ötürmə müəllifi olub.
Yunes Belhanda 2017-ci ildən 2021-ci ilə qədər də “Qalatasaray”da çıxış edib. O, İstanbul klubu ilə 2 dəfə Türkiyə çempionu olub, 1 dəfə kubok, 1 dəfə də super kubok sevinci yaşayıb.
Fransanın “Monpelye” klubunun yetirməsi olan futbolçu, “Dinamo” (Kiyev), “Şalke” və “Nitsa”nın da uğurları üçün çalışıb. O, Mərakeş yığmasında 59 oyun keçirib, 5 qola imza atıb.
Xatırladaq ki, daha əvvəl “Adana Dəmirspor”un maliyyə problemlərinin olduğu və bir neçə futbolçunun komandadan ayrılmaq istədiyi bildirilirdi. Müdafiəçi Endryu Qravillo da məhz maaşını ala bilmədiyi üçün bir neçə gün öncə bu klubdan ayrıldığını açıqlamışdı.
“Adana Dəmirspor”da Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev də forma geyinir. O, Super Liqa klubunda bu mövsüm 5 oyun keçirib, 11 qol buraxıb.
“Adana Dəmirspor” bu mövsüm keçirdiyi 17 oyunda 7 qələbə qazanıb, 6 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.


