“Yuventus”un sabiq hücumçusu, hazırda “Əl-Nəsr”da çıxış edən Kristiano Ronaldo ilə məhkəmə çəkişməsinin tezliklə başa çatacağı gözlənilir.
Arena.az “Football Italia” dərgisinə istinadən məlumat verir ki, “qoca sinyora”nın 2018-2021-ci illərdə futbolçusu olmuş Ronaldoya olan 19,5 milyon avro məbləğində maaş borcuna görə, portuqal ulduzun Turin klubuna qarşı iddiasına baxılan məhkəmə prosesi son mərhələdədir.
Mənbənin məlumatına görə, portuqal futbolçunun vəkilləri işi Arbitraj Komissiyasına göndəriblər. Onlar aprelin 22-dən gec olmayaraq cavab gözləyirlər. Qərar isə gələn həftə verilə bilər. Öz növbəsində “Yuventus” bu iddiaları əsassız hesab edir.
Xatırladaq ki, bu məhkəmə prosesi ötən ilin sentyabrında başlayıb. Ronaldonun tərəfinin mövqeyinə görə, “Yuventus” keçmiş futbolçusuna 2020/2021 mövsümündə maaşının təxirə salınması ilə bağlı razılaşmaya əsasən 19,5 milyon avro borcludur. Turin klubunun mövqeyinə görə, Ronaldo 2021-ci ildə “Mançester Yunayted”ə keçəndə “Yuventus”un ona maliyyə baxımından heç bir borcu olmadığını təsdiq edən sənəd imzalayıb.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Portuqal hücumçu 2018-ci ilin iyulundan 2021-ci ilin avqust ayına kimi formasını geyindiyi “Yuventus”da 134 oyuna çıxıb. O, bu oyunlarda 101 qol vurub, 22 məhsuldar ötürmə müəllifi olub.
Ronaldo karyerası ərzində “Real”, “Mançester Yunayted” və “Sportinq” kimi klubların da şərəfini qoruyub.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 206 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


