Əliyar Ağayev “Olimpiakos” – AEK oyununda!

Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Futbol Federasiyasından bu ölkə klublarının oyununa təyinat alıb. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Yunanıstan kubokunun “Olimpiakos” – AEK (Afina) oyununu idarə edəcək.

Sözügedən qarşılaşma ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində aprelin 12-də keçiriləcək. Əliyar Ağayevə bu görüşdə Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri qismində kömək edəcəklər. Elçin Məsiyev isə VAR-da iş başında olacaq.

Xatırladaq ki, əslində martın 1-də keçirilməli olan bu oyuna hakimlərimizin təyinatı fevralın 28-də açıqlanmışdı. Lakin oyundan bir neçə saat öncə Larisa şəhəri yaxınlığında baş vermiş qatar qəzası qarşılaşmanın təxirə salınmasına səbəb olmuşdu. Sərnişin və yük qatarlarının toqquşması nəticəsində 36 nəfər həlak olmuş, 66 nəfər isə yaralanmışdı. Buna görə ölkə ərazisində üç günlük matəm elan olunmuşdu. Yunanıstan Futbol Federasiyası həmin günlərə təyin olunmuş bütün oyunların təxirə salınmasına qərar vermişdi.

Sonda onu da xatırladaq ki, Əliyar Ağayev daha öncə Yunanıstanda yeddi oyuna təyinat alıb. O, “Olimpiakos”la AEK arasında 2022-ci il aprelin 3-də baş tutan qarşılaşmada (1:1) da fit çalıb. Bundan başqa, Ağayev “Veriya” – “Lamiya” 1:2 (11.06.2022), “Panathinaikos” – “Aris” 1:0 (01.05.2022), “Panathinaikos” – PAOK 3:0 (04.04.2021), “Atromitos” – AEL 1:1 (20.02.2021), “Panathinaikos” – PAOK 2:0 (02.02.2020), PAOK – “Atromitos” 3:0 (10.03.2019) matçlarını da idarə edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: