Madrid “Real”ının braziliyalı ulduz hücumçusu Vinisius Junior “Globe Soccer Awards” təqdimatında qələbələrini şərh edib.
Arena.az “Sport.es” dərgisinə istinadən, braziliyalı ulduzun bu barədə fikrini təqdim edir:
“Kristiano Ronaldo və Neymar mənim kumirlərimdir. İki kumirim qarşısında ilin ən yaxşı futbolçusu mükafatını qazanmaq mənim üçün böyük şərəfdir. Mən bütün komanda yoldaşlarıma və ailəmə, eləcə də mənə özümü sübut etmək imkanı vermiş “Flamenqo” futbol klubuna təşəkkür etmək istəyirəm. Məni dəstəkləyən bütün azarkeşlərə təşəkkür etmək istəyirəm. Bu, mənim uzun müddətdir mübarizə apardığım mükafatdır”, deyə “Vini” bildirib.
Xatırladaq ki, 2024-cü il “Globe Soccer Awards” mərasimində Vinisius Junior cari ilin ən yaxşı oyunçusu və həmçinin cari ilin ən yaxşı hücumçusu adlarını qazanıb.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.
Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vini” madridlilərin heyətində 20 oyuna çıxıb, 13 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.
Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 285 oyun, 97 qol, 83 məhsuldar ötürmə.
“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 37 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. “Vini” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı sol vingerin transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ “Vini”nin dünyanın ən bahalı iki futbolçusundan biri olması deməkdir.


