“İnter” Donnarummaya marağı haqda şayiələri cavabladı

“İnter”in idman direktoru Pyero Auzilio Milan klubunun, PSJ-nin italyan qapıçısı Canluici Donnarummaya marağı haqda şayiələri cavablayıb.

Arena.az “Sport Mediaset” dərgisinə istinadən, Auzilionun bu barədə cavabını təqdim edir:

“Əlbəttə, Donnarumma maraqlı ola bilər, əgər onun müqavilə müddəti başa çatarsa, amma 2026-cı ilə qədər hələ xeyli var və mən düşünmürəm ki, PSJ-də belə bir işə yol verərlər. Əgər hadisələrə gerçəkdən baxsaq, bizim, artıq iki əla qapıçımız var – Yan Zommer və Xosep Martines”, deyə Auzilio məsələyə “yağlı nöqtə” qoyub.

Xatırladaq ki, Donnarummanın yayda PSJ-ni tərk edə biləcəyi haqda şayiələr qış transfer pəncərəsindən bəri daha da artıb.

Xatırladaq ki, Canluici Donnarumma 2021-ci ilin iyulundan PSJ-də çıxış edir. Qapıçı “Milan”dan sərbəst transferlə parislilərin düşərgəsinə keçib. Tərəflər arasındakı müqavilə 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Cari mövsümdə italyan qapıçı parislilərin hetyətində 26 oyuna çıxıb, 24 qol buraxıb, 8 oyunda qapısını toxunulmaz saxlayıb.

Canluici Donnarummanın PSJ-də çıxışının ümumi mənzərəsi 140 oyun, 137 buraxılmış qol və 47 “quru” oyundan ibarətdir.

Futbol uğurlarına gəlincə, Donnarumma “Milan”la İtaliya Super Kubokunun (2016/2017), PSJ ilə Fransa Liqa 1-nin (2021/2022, 2022/2023, 2023/2024), Fransa Kubokunun (2023/2024), Fransa Super Kubokunun (2022/2023, 2023/2024) qalibi olub.

Donnarumma 2016-cı ilin sentyabr ayında debüt etdiyi və hazırda kapitanı olduğu İtaliya yığma komandasının heyətində 70 oyun keçirib, 58 qol buraxıb, 29 oyunda qapısının toxunulmazlığını təmin edib. Donnarumma “skuadra adzurra” ilə 2021-ci ildə İngiltərədə keçirilmiş Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı italyan qapıçının transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: