“Barselona”nın hücumçusu Rafinya İspaniya klubunun sabiq üzvü Lionel Messinin Çempionlar Liqasında 13 il əvvəlki performansını təkrarlayıb.
Arena.az xəbər verir ki, braziliyalı vinger cari mövsümdə qitənin ən nüfuzlu klub turnirində 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
La Liqa təmsilçisinin heyətində son olaraq Lionel Messi 2011/2012-ci illər mövsümündə 14 dəfə rəqib qapılarına yol tapıb, 5 assist etməklə ümumilikdə 19 qolun vurulmasında pay sahibi olmuşdu.
Xatırladaq ki, UEFA Çempionlar Liqasında bir mövsümdə ən çox qol vurmuş futbolçu Kristiano Ronaldodur. O, 2013/2014-cü illər mövsümündə 17 dəfə fərqlənib.
Yeri gəlmişkən, braziliyalı ulduz fərdi nailiyyətlərdən daha çox komandasının uğurlarına kökləndiyini açıqlayıb. Vingerin müvafiq qənaətini təqdim edirik:
“Əvvəl-axır, mən komandamla bütün qənimətləri qazansam, fərdi mükafatları qazanmaq imkanım da yüksək olacaq”.
Rafinya Braziliyanın “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rafinya “Barselona” üçün bütün yarışlarda 45 oyun keçirib, 28 qol və 22 məhsuldar ötürmə ilə fərqlənib.
Rafinyanın “Barselona” karyerası ümumilikdə 132 oyun, 48 qol və 47 məhsuldar ötürmədən ibarətdir.
Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun (2022/2023, 2024/2025) qalibi olub.
Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 33 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.


