ÇL: “Sabah”ın rəqibləri bəlli oldu

Bu gün basketbol üzrə Çempionlar Liqasının əsas mərhələsinin püşkü atılıb, Azərbaycan çempionu “Sabah”ın da rəqibləri bəlli olub.

Arena.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Lozanna şəhərində baş tutub.

Püşkə əsasən, Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda B qrupunda mübarizə aparacaq. “Sabah”ın rəqibləri “Alba” (Almaniya), “Nimburk” (Çexiya) və 3-cü təsnifat qrupunun qalibi olacaq.

Püşkdən sonra Azərbaycan çempionunun baş məşqçisi Rimas Kurtinaytis klubun mətbuat xidmətinə açıqlama verib. Təcrübəli mütəxəssis bildirib ki, rəqibləri kifayət qədər güclüdür:

“Püşkatma ilə bağlı hər hansı illüziyalar qurmurduq. Püşkatmadan öncə rəqibləri güclü və zəiflərə bölmürdük. B qrupunda yer alan rəqiblərimizdən “Alba” 24 illik fasilədən sonra yenidən FIBA bayrağı altında çıxış edəcək. Bu komanda uzun illər boyunca Avroliqanın daimi sakini olub. Səviyyəsi bəllidir. Məncə, turniri qazanmağa favorit komandalardan biridir.

“Nimburk” daha öncə FIBA Avropa Kubokunda “Sabah”ın rəqibi olub. İntizamlı, heyəti keyfiyyətli basketbolçulardan ibarət komandadır. Ötən mövsüm Çempionlar Liqasında 1/4 finala kimi irəliləyiblər.

Təsnifat mərhələsində yer alan potensial rəqiblərimiz arasında da yaxşı komandalar var. Fransa təmsilçisi “Elan Şalon”da oyunçu kimi çıxış etmişəm. Bir sözlə, Çempionlar Liqasında zəif rəqib yoxdur. Bizim rəqabətə davamlı heyətimiz formalaşır. Bu komandalarla mübarizə apara bilərik”.

Qeyd edək ki, Çempionlar Liqasında müntəzəm çempionata oktyabrın 7-də start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: