İngiltərənin “Mançester Siti” klubunun hücumameyilli yarımmüdafiəçisi Klaudio Eçeverri bundan sonra “Bayer”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bundesliqa təmsilçisi 19 yaşlı futbolçunu icarə müqaviləsi əsasında heyətinə qatıb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Bir sözlə, Eçeverri cari mövsüm bitən kimi yenidən “şəhərlilər”in düşərgəsinə qayıdacaq.
Klaudio Eçeverri Argentinanın “River Pleyt” klubunun yetirməsidir. “Mançester Siti” onu 2024-cü ildə 18,5 milyon avro müqabilində heyətinə qatmışdı. Argentinalı futbolçu İngiltərə nəhənginin heyətində cəmi 3 oyuna çıxıb, 1 qola imza atıb. Yarımmüdafiəçinin “şəhərlilər”lə 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.
Argentinanın U-17, U-20 və U-23 yığmalarında da oynamış Eçeverri 2023-cü ildə əsas millidə debüt edib. O, yığmada keçirdiyi 3 oyunda 1 qola imza atıb.
“Transfermarkt” internet-portalı 19 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.



