İsveçrəli futbol mütəxəssisi Mauro Lustrinelli Almaniyanın “Union Berlin” komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.
Arena.az bu barədə Bundesliqa klubunun rəsmi saytına istinadən xəbər verir.
Tərəflər arasındakı müqavilənin müddəti və digər təfərrüatı ilə bağlı məlumat açıqlanmaıb. Lustrinelli Berlin klubunu iyul ayının 1-də qəbul edəcək.
50 yaşlı isveçrəli mütəxəssis “Union Berlin”in baş məşqçi postunda xanım mütəxəssis Mari-Luiza Etanı əvəz edib. Hansı ki, o, bu ilin aprelində istefaya göndərilmiş Şteffen Baumqartın əvəzində müvəqqəti bu posta təyin edilmişdi. Paytaxt təmsilçisi Etanın rəhbərliyi altında cəmi 5 oyun keçirib, 2 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət görüb.
“Union Berlin” Almaniya Bundesliqasının 2025/2026-cı illər mövsümünü 39 xalla 11-ci pillədə başa vurub.
Mauro Lustrinelli daha öncə İsveçrənin U-21 milli komandasında və bu ölkənin “Tyun” klubunda baş məşqçi kimi çalışıb. 50 yaşlı isveçrəli mütəxəssis sözügedən komandanı geridə qoymaqda olduğumuz mövsümdə İsveçrə çempionu edib.


