Türkiyəli məşhur iş adamı Acun Ilıcalının sahibi olduğu “Hall Siti” komandası futbol üzrə İngiltərə Premyer Liqasına vəsiqə qazanıb.
Arena.az xəbər verir ki, sözügedən komanda bu gün keçirilmiş pley-offun final matçında “Midlsbro”nu məğlub etməklə buna nail olub.
Londondakı “Uembli” stadionunda baş tutmuş qarşılaşma “Hall Siti”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundakı yeganə qolu 90+5-ci dəqiqədə Oliver Makbörni vurub.
Xatırladaq ki, Çempionşipin müntəzəm mövsümünün nəticələrinə əsasən, daha əvvəl “Koventri Siti” və “İpsviç Taun” komandaları birbaşa Premyer Liqaya vəsiqə qazanmışdılar.
2025/2026-cı illər mövsümünün yekunlarına əsasən Premyer Liqanı tərk etmiş komandalardan isə ikisi məlumdur. Bunlar sonuncu tur ərəfəsində 19 xalla sonuncu pillədə qərarlaşmış “Vulverhempton”, eləcə də 21 xalla 19-cu olan “Börnli”dir. 36 xalla 18-ci yerdə qərarlaşmış “Vest Hem” elitanı tərk etməyə digər əsas namizəddir. Lakin bu komanda həlledici turda qalib gəlsə və “Tottenhem” (38) məğlub olsa, elitanı londonlular tərk edəcəklər.


