Renato Sançes PSJ-dən ayrıldı, klubsuz qaldı

Futbol üzrə Portuqaliya milli komandasının da üzvü olan yarımmüdafiəçi Renato Sançes Fransa çempionu PSJ-dən ayrılıb.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçunun Paris klubu ilə müqaviləsi vaxtından əvvəl ləğv olunub.

Sançes azad agent statusu alıb və istənilən klubla sərbəst şəkildə müqavilə imzalaya bilər. Lakin o, hazırda klubsuzdur və karyerasını harada davam etdirəcəyi bilinmir.

Renato Sançes PSJ-yə 2022-ci ilin avqust ayında Fransanın digər klubu “Lill”dən 15 milyon avro qarşılığında keçmişdi. 25 yaşlı futbolçu Paris təmsilçisində 27 oyun keçirib, 2 qola imza atıb. Fransa klubu bu illər ərzində portuqal futbolçunu “Roma”, “Benfika” və “Panatinaikos” kimi komandalara icarəyə də verib.

“Benfika”nın yetirməsi olan Renato karyerası ərzində “Bayern” və “Suonsi Siti” kimi klubların da formasını geyinib.

Renato 2016-cı ildə debüt etdiyi Portuqaliya millisində 32 oyun keçirib, 3 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: