Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kristiano Ronaldo peşəkar karyerasında 980-ci qolunu vurub.
Arena.az xəbər verir ki, 41 yaşlı futbolçu Səudiyyə Ərəbistanı çempionatının “Əl-Diriyə” ilə oyununda fərqlənib. Ronaldo matçın 23-cü dəqiqəsində hesabı açıb.
Qeyd edək ki, Ronaldo Portuqaliya millisinin düşərgəsini məşq toplanışı başa çatmamış tərk edib. Futbolçunun sözlərinə görə, buna milli komandanın baş məşqçisi Jorje Jezuşun ona verdiyi vədləri iki dəfə yerinə yetirməməsi səbəb olub.
Portuqaliyalı hücumçu UEFA Millətlər Liqasının yeni mövsümündə Uelsə qarşı ilk oyunda (1:0) meydana çıxıb. Norveçlə növbəti qarşılaşmada (2:1) isə ehtiyat oyunçular skamyasında qalıb. Ronaldonun sözlərinə görə, əvvəlcə həmin görüşdə oynaması nəzərdə tutulmayıb. Lakin baş məşqçi ondan oyuna hazır olmasını və təxminən 30 dəqiqə meydana çıxmağa hazırlaşmasını istəyib. Buna baxmayaraq, futbolçu matç boyu ehtiyatda qalıb.
Kristiano Ronaldo karyerası ərzində beş dəfə UEFA Çempionlar Liqasının qalibi olub, Portuqaliya millisi ilə Avropa çempionatını və iki dəfə UEFA Millətlər Liqasını qazanıb. O, futbol tarixində, milli komandalar, Avropa çempionatları, UEFA Çempionlar Liqası və klublararası dünya çempionatları səviyyəsində qol rekordlarına sahibdir.
Ronaldo 2022-ci ilin dekabrından “Əl-Nəsr”də çıxış edir. O, karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus” klublarının da formasını geyinib.
Beləliklə, Ronaldonun hesabında klub səviyyəsində 834, Portuqaliya millisinin heyətində isə 146 qol var. Ümumilikdə onun peşəkar karyerasında 980 qol qeydə alınıb.


