Azərbaycanın basketbol təmsilçisi “Neftçi” FİBA Avropa Kubokunun müntəzəm mövsümündə (2026/27) növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, Kostas Vasiladiasın baş məşqçisi olduğu komanda H qrupunun 2-ci turunda Bakıda Latviyanın VEF klubunu qəbul edib.
Bakıdakı Sərhədçi İdman Mərkəzində keçirilmiş qarşılaşma qonaqların 110:94 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan təmsilçisi ilk iki periodda üstün olub – 26:24, 30:27. Lakin fasilədən sonra təşəbbüsü ələ alan VEF üçüncü periodda 29:16, sonuncu periodda isə 30:22 hesablı üstünlük əldə edərək yekunda qələbə qazanıb.
Azərbaycan təmsilçisinin heyətində Şakael Prays 25 xalla matçın ən məhsuldar oyunçularından biri olub. İlyayca Hokins və Aleksa Stepanoviç hərəyə 15, Miliç Starovlah 14, Ulaş Turqut 11, Cəbrayıl Əkbərov 7, Zakariya Hiks isə 6 xal toplayıb.
Xatırladaq ki, “Neftçi” qrup mərhələsində keçirdiyi ilk oyununda səfərdə Yunanıstanın “Mikonos” komandasına 58:78 hesabı ilə uduzmuşdu.
İki turdan sonra Azərbaycan komandasının hesabında 2 xal var. VEF və “Mikonos” hərəyə 4 xalla qrupun liderləridir. Rumıniyanın “Oradea” və İsveçrənin “Fribur Olimpik” komandaları da 2 xal toplayıblar. Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubunun isə 1 xalı var.


