Alberto Akvilani “Sassuolo”dan istefaya göndərildi

Futbol üzrə İtaliya A Seriyasında uğursuz mövsüm keçirən “Sassuolo” komandasının baş məşqçisi Alberto Akvilani istefaya göndərilib.

Arena.az xəbər verir ki, İtaliya klubu 42 yaşlı mütəxəssisi və onun məşqçilər korpusunu tutduqları vəzifələrdən azad etdiyini açıqlayıb.

Qərara son olaraq A Seriyasının 11-ci turunda “Roma”ya 0:3 hesablı məğlubiyyət səbəb olub. Bu, “Sassuolo”nun çempionatda ardıcıl beşinci yenilgisi idi.

Akvilani mövsümün əvvəlində “Sassuolo”nun baş məşqçisi təyin edilmişdi. Komanda onun rəhbərliyi altında ilk dörd turda 7 xal toplayaraq, hətta “Yuventus” üzərində qələbə qazanaraq yaxşı start götürmüşdü. Lakin “Sassuolo” sonrakı yeddi turda qələbə əldə edə bilməyib və beş matçlıq məğlubiyyət seriyasına düşüb.

Beləliklə, “Sassuolo” 11 turdan sonra 8 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Komanda son 7 oyunda qələbə qazana bilməyib və hazırda düşmə zonasından cəmi bir xal öndədir.

Akvilaninin “Sassuolo”dakı fəaliyyəti cəmi bir neçə ay davam edib. O, bundan əvvəl “Piza” və “Katanzaro”nu çalışdırıb. İtaliyalı məşqçi “Katanzaro” ilə ötən mövsüm B Seriyasının pley-off finalına qədər irəliləsə də, finalda “Monza”ya uduzub.

İtaliya mətbuatının məlumatına görə, “Sassuolo”nun yeni baş məşqçisi postu üçün Roberto D’Aversa və Vinçentso Montella əsas namizədlərdir. Komandanın növbəti oyunu noyabrın 22-də “Cenoa”ya qarşı olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: