“Neftçi” Yunanıstan klubundan revanş aldı

Azərbaycanın “Neftçi” basketbol klubu Avropa Kubokunun 2026/2027-ci illər mövsümünün qrup mərhələsinin 6-cı turunda qələbə qazanıb.

Arena.az xəbər verir ki, Kostas Vasiliadisin rəhbərlik etdiyi komanda Bakıda Yunanıstanın “Mikonos” klubunu qəbul edib.

Milli Gimnastika Arenasında keçirilmiş qarşılaşma Azərbaycan təmsilçisinin 84:80 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədən sonra 36:34 hesabı ilə geridə olan Bakı təmsilçisi üçüncü periodda oyunun gedişini dəyişib. “Ağ-qaralar” bu hissədə 29:18 hesabı ilə üstün olub. Son periodda “Mikonos” fərqi azaltmağa çalışsa da, meydan sahibləri qələbəni qoruyub.

Bakı klubunun heyətində ən məhsuldar basketbolçu 27 xalla Miliç Starovlah olub. Alekso Stepanoviç 18, Şakael Prays 14, Zakariya Hiks 11, Ulaş Turqut 9, Derin Bərköz isə 5 xal toplayıb.

Avropa Kuboku
H qrupu, 6-cı tur

11 noyabr

“Neftçi” (Azərbaycan) – “Mikonos” (Yunanıstan) 84:80
Periodlar: 16:24, 20:10, 29:18, 19:28

“Neftçi”: Şakael Prays (14), Djarod Kemeron Robinson, Alekso Stepanoviç (18), Ulaş Turqut (9), Miliç Starovlah (27), Cəbrayıl Əkbərov, Zakariya Hiks (11), Nicat Nəsirov, Ramazan Qarayev, Ağa Ağayev, Tunar Hacızadə, Derin Bərköz (5).

Bu, “Neftçi”nin “Mikonos”a qarşı turnirdə ilk qələbəsi olub. Komandalar arasında əvvəlki oyunda Yunanıstan təmsilçisi öz meydanında 78:58 hesabı ilə qalib gəlmişdi.

Bakı təmsilçisi bundan əvvəl VEF-ə (94:110), “Fribur Olimpik”ə (73:78), “Oradya”ya (83:99) və “Lokomotiv”ə (Plovdiv) (72:76) məğlub olmuşdu.

6 turdan sonra “Mikonos” 11 xalla qrupun lideridir. VEF, “Oradya” və “Lokomotiv”in hərəsinin 8 xalı var. Azərbaycan təmsilçisi 7 xalla 5-ci, “Fribur Olimpik” isə 6 xalla sonuncu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: