Rio Ferdinand: “Poçettino MY-ni xilas edə bilər”

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand Maurisio Poçettinonun bu komandanın baş məşqçisi vəzifəsinə gətirilməsini dəstəkləyib.

Arena.az xəbər verir ki, keçmiş kapitan “qırmızı şeytanlar”ın hazırkı vəziyyətindən çıxması üçün argentinalı mütəxəssisin uyğun namizəd olduğunu düşünür.

Ferdinandın fikrincə, hazırda komandaya ilk növbədə futbolçuların psixoloji vəziyyətini bərpa edə biləcək və onlara özünəinam aşılaya biləcək məşqçi lazımdır.

“Poçettinoya baxanda onun əsas üstünlüklərindən birinin komandaya insan kimi yanaşması və futbolçularına özünəinam aşılamaq bacarığı olduğunu görürəm. Hazırda bu, “Mançester Yunayted” üçün çox vacibdir. Çünki komandada mənəvi cəhətdən sınmış çoxlu futbolçu var”, – deyə Ferdinand özünün “Rio Ferdinand Presents” “YouTube” kanalında bildirib.

Sabiq müdafiəçi Poçettinonun digər namizədlərdən məhz bu xüsusiyyətlərinə görə fərqləndiyini vurğulayıb:

“Mümkün məşqçilərin siyahısına baxıram və düşünürəm ki, Poçettino komandamızı xilas etmək və yenidən qurmaq üçün ehtiyacımız olan keyfiyyətlərin ən çoxuna sahib mütəxəssis kimi digərlərindən fərqlənir. Oyunumuzun səviyyəsi kəskin şəkildə aşağı düşüb. Ona görə də vəziyyətimizi qiymətləndirərkən realist olmalıyıq. Əvvəlki səviyyəmizə qayıtmaq üçün vəziyyəti sabitləşdirməli və yenidən Çempionlar Liqasına vəsiqə qazanmalıyıq”.

Qeyd edək ki, Maurisio Poçettino hazırda ABŞ millisinin baş məşqçisidir. Bununla belə, Maykl Karrikin istefaya göndərilməsindən sonra “Mançester Yunayted”də baş məşqçi postuna əsas namizədlərdən biri kimi argentinalı mütəxəssisin adı hallanır.

“Mançester Yunayted” Premyer Liqada keçirdiyi 10 oyundan sonra cəmi 8 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində, aşağı liqaya düşmə zonasında qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: