Rafael Nadal “Real”ın direktorlar şurasında!

Tennis üzrə “Böyük dəbilqə” turnirinin 22 qat qalibi Rafael Nadal İspaniyanın “Real” (Madrid) klubunun direktorlar şurasının üzvü seçilib.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Keçmiş tennisçi klubun növbədənkənar ümumi yığıncağında keçirilmiş səsvermədə 99,5 faiz səslə direktorlar şurasına seçilib.

Nadal “Real”ın fanatı olduğunu bildirib: “Real”ın direktorlar şurasının bir hissəsi olmaq böyük məsuliyyətdir. Bu kluba olan sevgi valideynlərdən övladlara ötürülür və insanları birləşdirir. Mənim üçün bu, oyunları ailəm və dostlarımla birlikdə izləmək imkanıdır. Bu, böyük şərəfdir”.

Qeyd edək ki, 40 yaşlı Nadal 209 həftə ərzində dünya reytinqində birinci pillədə qərarlaşıb. İspaniyalı tennisçinin ATP turnirlərində 92 çempionluğu var.

Nadal ikiqat Olimpiya çempionudur. O, 2008-ci ildə Pekin Olimpiadasında fərdi, 2016-cı ildə Rio-de-Janeyroda Mark Lopeslə birlikdə cütlər yarışında qızıl medal qazanıb. İspaniya millisinin heyətində isə beş dəfə Devis Kubokunun qalibi olub.

Nadalın “Real”a bağlılığı ailəsindən gəlir. Onun əmisi Anxel Nadal İspaniya millisində və Madrid klubunun əsas rəqibi “Barselona”da futbol oynayıb.

Rafael Nadal 2006-cı ildə “Laureus”un “İlin debütantı”, 2011 və 2021-ci illərdə isə “İlin idmançısı” mükafatlarına layiq görülüb. O, 2008, 2010, 2013, 2017 və 2019-cu illərdə ATP tərəfindən ilin ən yaxşı tennisçisi seçilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: