“Sabah”ın kapitanı Stas Pokatilov futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində ən çox qurtarış edən qapıçıdır.
Arena.az xəbər verir ki, 33 yaşlı qolkiper 2026/2027-ci illər mövsümünün əsas mərhələsinin geridə qalmış 5 turunda 31 “seyv”lə yadda qalıb.
“Bayquşlar”ın kapitanı bu göstəricidə bütün rəqiblərini geridə qoyub.
Xatırladaq ki, “Sabah” ötən gün turnirin Liqa mərhələsinin 5-ci turunda Bakıda İspaniya təmsilçisi “Barselona”ya uduzub – 1:4. Stas Pokatilovun bu oyundakı bir qurtarışı isə UEFA Çempionlar Liqasında günün ən yaxşı “seyv”ləri sırasında yer alıb. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. 33 yaşlı qolkiperin “seyvi” “5-liy”ə düşüb.
Daha əvvəl İngiltərənin “Mançester Yunayted” (0:4), Almaniyanın “Borussiya” (Dortmund) və Norveçin “Vikinq” (1:4) klublarına məğlub olmuş Azərbaycan çempionu Çexiyanın “Slaviya” komandasını 2:0 hesabı ilə üstələyib. Stas Pokatilov həmin oyunlarda da kritik qurtarışları ilə diqqət mərkəzinə düşə bilmişdi.
“Sabah”ın avrokubok oyunları ilə bağlı daha bir maraqlı məqam var. Belə ki, Azərbaycan komandasının avrokuboklarda doğma meydanda baş tutmuş 14 matçında heç-heçə qeydə alınmayıb. Bakı təmsilçisi bu qarşılaşmalarda 8 qələbə qazanıb, 6 dəfə isə məğlub olub.
Bundan əlavə, komandanın UEFA bayrağı altında keçirdiyi ümumilikdə 27 görüşün heç biri qolsuz başa çatmayıb.
“Sabah” növbəti oyununu dekabrın 8-də səfərdə “Vilyarreal”a (İspaniya) qarşı keçirəcək.


